CƏMİYYƏT


Sabunçu rayon məktəbliləri Şəki-Qax-Zaqatala marşrutu üzrə yola düşüblər

Bakı, 14 noyabr, AZƏRTAC

“Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Sabunçu rayonunun məktəbliləri Şəki-Qax-Zaqatala marşrutu üzrə yola düşüblər.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətində təşkil olunmuş yolasalma mərasimi fləşmobla başlandı. Əllərində Azərbaycanın üç rəngli bayrağını dalğalandıran məktəblilər düzülüşləri ilə ölkəmizin xəritəsinin təsvirini yaratmışdılar. Onlar fəxarətlə “Mən azərbaycanlıyam” deyərək, bu ölkənin övladı olmaqdan qürur duyduqlarını bildirdilər. Məqsəd məktəblilərin diqqətini Azərbaycanın dövlətçilik ənənələrinə, milli atributlarına, Dövlət Bayrağına cəlb etmək və onlarda vətənpərvərlik ruhunu artırmaq idi.

Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova şagirdlərə turun məqsədi barədə məlumat verdi, Prezident İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışdı. Qeyd olundu ki, məktəblilər getdikləri rayonların qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, Tarix-Diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və digər obyektləri ilə yaxından tanış olacaqlar. Bu tur yeniyetmələrin doğma Vətənimizin hər qarışına dərindən bələd olmaları üçün geniş imkan yaradır, onların bilik və savadının, dünyagörüşünün artırılmasına əsaslı təsir göstərir.

Şagirdlər və valideynlər onlar üçün bu imkanı yaradanlara minnətdarlıqlarını bildirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.