CƏMİYYƏT
Aprelin 25-i Beynəlxalq DNT Günüdür
Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də dünyanın bir çox ölkələrində qeyri-adi bir bayramı - Beynəlxalq DNT Gününü qeyd edirlər. Bu tarixin seçilməsi 1953-cü il aprelin 25-də “Nature” jurnalında Ceyms Uotson, Frensis Krikin, Moris Uilkins, Rozalind Franklin və onların həmkarlarının molekulun DNT strukturunun tədqiqinin nəticələri barədə elmi məqalələrini dərc etmələri ilə bağlıdır. Həmin hadisədən 50 il sonra - 2003-cü il aprelin 25-də “İnsan genomu” layihəsinin tezliklə başa çatacağı bildirilib. Genom üzərində araşdırma davam etsə də, layihə ilə bağlı əsas iş sona çatıb. İnsan genlərinin quruluşunun müəyyən edilməsi səhiyyənin inkişafında mühüm amildir.
ABŞ-ın Milli İnsan Genomu Araşdırma İnstitutu (Merilend ştatının Betesda şəhərinin Milli Səhiyyə İnstitutunun bölməsi) 2003-cü ildən etibarən Beynəlxalq DNT Gününə həsr edilən tədbirlərin təşkili ilə məşğul olur.