MƏDƏNİYYƏT
“Qanlı yanvar” Moskvada nümayiş etdirilib
Moskva, 28 may, AZƏRTAC
Moskvanın “Bakı” kinoteatrında Vahid Mustafayevin “Qanlı yanvar” filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu AZƏRTAC-a müsahibəsində Azərbaycanın müstəqillik salnaməsinin başlanğıcı olan 28 May - Respublika Günü ərəfəsində “Qanlı yanvar” filminin Moskvada nümayiş etdirilməsinin əhəmiyyətini vurğulayıb. Müstəqillik yolunda canlarından keçmiş insanların xatirəsinin heç zaman unudulmayacağını bildirən səfir deyib: “Salonda Moskvada yaşayan və təhsil alan çoxlu azərbaycanlı gəncin olması məni sevindirdi. Filmdə Azərbaycan xalqının bu qanlı, eyni zamanda şərəfli yolunun mühüm tarixi məqamlarına toxunulub. 20 Yanvar faciəsi baş verdikdən dərhal sonra ulu öndərimiz Heydər Əliyevin o çətin məqamda Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib öz sözünü deməsi və ilk dəfə Qanlı Yanvar hadisələrinə siyasi qiymət verməsi ilə bağlı epizodun filmdə yer alması olduqca əhəmiyyətlidir”.
P.Bülbüloğlu filmin çəkiliş qrupunun, aktyorların peşəkarlığını da xüsusi qeyd edib.
Filmin ssenari müəllifi və rejissoru Vahid Mustafayev Respublika Günü ərəfəsində 1990-cı ilin yanvar hadisələri haqqında ilk bədii filmin Rusiyanın paytaxtında nümayiş etdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, filmdə Azərbaycan xalqının sovet imperiyasına qarşı mübarizəsi əks olunub. V.Mustafayev deyib: “Rusiya xalqı da Azərbaycan xalqı kimi imperiya quruluşuna qarşı mübarizədə qurbanlar verib. Milliyyətindən asılı olmayaraq, azadlıq mücahidlərinin xatirəsi daim anılmalı və uca tutulmalıdır”.
1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda dinc insanlara qarşı törədilmiş dəhşətli qırğından bəhs edən “Qanlı yanvar” filmi real hadisələrə əsaslanır, qəhrəmanların timsalında xalqımızın azadlıq və müstəqillik ruhu canlandırılır.
Filmin çəkilişində beynəlmiləl kollektiv, o cümlədən amerikalı aktyor Lane Devies, türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə, habelə İrandan dəvət olunmuş tanınmış kinooperator Afşin Əlizadə iştirak edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva