CƏMİYYƏT
Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında mətbuatın rolundan danışılıb
Tbilisi, 4 iyul, AZƏRTAC
Milli mətbuatımızın 140 illiyi ərəfəsində Gürcüstanda səfərdə olan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iyulun 3-də Marneulidə azərbaycanlı jurnalistlər və ictimaiyyət nümayəndələri ilə görüşüb.
Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) və Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin təşkilatçılığı ilə keçirilən görüşdə milli mətbuatımızın yaranma tarixi, Tbilisi ilə bağlılığı, inkişafı, mövcud problemləri və inkişaf perspektivləri müzakirə olunub.
AMM-nin sədri Fazil Həsənov Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərindən, əlaqələrimizin inkişafında mətbuatın rolundan söz açıb.
Ə.Amaşov Azərbaycan mətbuatının yaranma tarixi, keçdiyi çətin və şərəfli yol, ölkəmizdə mətbuata göstərilən dövlət dəstəyi haqqında danışıb. O, Azərbaycan dövlətinin mətbuata göstərdiyi yardımı xüsusi qeyd edib, KİV-lərin inkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını bildirib.
Gürcüstan Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə milli mətbuatımızın 140 illiyi ilə əlaqədar “Gürcüstan Azərbaycanlı Jurnalistləri” kitabının hazırlandığını bildirib.
Daha sonra Mətbuat Şurasının üzvü Yadigar Məmmədli, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi İlyas Məmmədov, Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyinin rəsmisi Zaur Darğallı, tərcüməçi-jurnalist Mirzə Məmmədoğlu, “Region press” qəzetinin redaktoru Binnət Məmmədov, Bolnisidə çıxan “Ümid” qəzetinin redaktoru Əlixan Yəhyaoğlu, AMM-nin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva və başqaları çıxış ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi