CƏMİYYƏT
Cari ilin avqustunda 5 milyon kvadratmetrə yaxın ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cari ilin avqust ayı ərzində 4 milyon 831 min 54 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Ay ərzində 269 PHS və tank əleyhinə 13 mina aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatlarda 487 minaaxtaran mütəxəssis və 113 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it cəlb olunub.
İndiyədək cəmi 300 milyon 968 min 764 kvadratmetr ərazi təmizlənib, 713 min 301 mina və PHS tapılıb zərərsizləşdirilib.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Sumqayıt şəhərlərində, Ağdam, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Goranboy, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.
Avqust ayında mina və PHS hadisəsi qeydə alınmayıb.