CƏMİYYƏT
Bakı və Sumqayıtda keyfiyyətsiz və istehsalçısı məlum olmayan məktəbli formaları satan mağazalar aşkar edilib
Bakı, 4 sentyabr, AZƏRTAC
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsindəki “Karvan” ticarət mərkəzlərində, həmçinin Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində yerləşən ticarət mərkəzi və onun ətrafında dövlət nəzarəti həyata keçirilib.
Komitənin mətbuat xidmətindən bildirilib ki, nəzarət tədbirləri Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsindəki “Ucuzluq” mağazasında, eləcə də Qaradağ rayonunda yerləşən iri ticarət mərkəzlərində yerləşən mağazalarda da aparılıb.
Araşdırma zamanı adı çəkilən mağazalarda istehsalçısı məlum olmayan, insan sağlamlığı üçün təhlükəli sayıla bilən xammaldan hazırlanmış, mövcud normativ sənədlərə, standartlara cavab verməyən və “Bakı Tikiş Evi” ASC-nin adına qeydiyyata alınmış ”BTE” əmtəə nişanından qanunsuz istifadə edilmiş saxta məktəbli formalarının satıldığı müəyyən olunub.
Aşkar olunmuş nöqsanlarla bağlı mağaza sahiblərinə xəbərdarlıq edilib, saxta məktəbli formalarının satışdan çıxarılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Hazırda qanunvericiliyə uyğun olaraq digər zəruri tədbirlər davam etdirilir.