CƏMİYYƏT
Görüşdə birgə tədbirlərin keçirilməsi müzakirə olunub
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun rəhbərliyi və əməkdaşları Bakıdakı Misir Mədəniyyət Mərkəzində olublar.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, mərkəzin rəhbəri, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi rəhbərlik etdiyi qurumun ölkəmizdə fəaliyyətə başladığı dövrdən gördüyü işlər barədə məlumat verib, iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı rolundan söz açıb.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov dəvət üçün Mərkəzin rəhbərliyinə təşəkkürünü bildirib.
Görüşdə Misir Mədəniyyət Mərkəzi ilə Bilik Fondu arasında bir sıra birgə tədbirlərin keçirilməsi təklifləri müzakirə olunub. Təkliflər arasında elm və mədəniyyət sahəsində mübadilə, o cümlədən iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb.
Əhməd Sami əl-Aydi Bilik Fondunun yarandığı bir il ərzində gördüyü işləri yüksək dəyərləndirib.