CƏMİYYƏT
ABŞ Dövlət Departamentinin nümayəndələrinə Ceyrançöl layihəsinin icrası barədə məlumat verilib
Bakı, 26 noyabr, AZƏRTAC
ABŞ Dövlət Departamentinin və bu ölkənin Bakıdakı səfirliyinin nümayəndələri Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) olublar.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Ceyrançöl layihəsinin icrası ilə tanışlıq və agentliyin ehtiyaclarını öyrənmək olub.
ANAMA-nın baş qərargahında keçirilən görüşdə ABŞ Dövlət Departamentinin nümayəndəsi xanım Kaitlin Koffey, səfirliyin əməkdaşları və agentliyin departament rəhbərləri geniş fikir mübadiləsi aparıblar. Qonaqlara layihənin icrası barədə ətraflı məlumat verilib.
Sonra nümayəndə heyəti Göygöl Regional Təlim Bazasına və layihənin icra olunduğu Ağstafa rayonunun Ceyrançöl ərazisinə səfər edib.
Bazada qonaqlara agentliyin ümumi fəaliyyəti haqqında ətraflı məlumat verilib, avadanlıq sərgisi təşkil olunub, baza şəraiti və itlərin seleksiya məntəqəsi göstərilib.
ANAMA-nın fəaliyyəti zamanı qazanılan nailiyyətlər, icrası başa çatan və davam edən mühüm layihələr, yerli və beynəlxalq səviyyəli təlimlər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Agentliyin regional əməliyyat meneceri Mədəd Məmmədov Ağstafa rayonunun Saloğlu bazası və Ceyrançöl ərazisində baza və sahə şəraitində qonaqlar üçün brifinqlər verib, onların suallarını cavablandırıb.