REGİONLAR


ABŞ-dan olan senatorlar və din xadimləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər VİDEO

A+ A

Quba, 1 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Azərbaycana səfərə gələn Amerika Birləşmiş Ştatlarından olan senator və din xadimlərindən ibarət nümayəndə heyəti, eləcə də ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix İlhananoviç Yevdayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Rəfi Qurbanov oktyabrın 1-də Quba rayonunda olublar.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov qonaqları səmimiyyətlə qarşılayaraq, onlara Qubanın təbiəti, yerli əhalinin etnik tərkibi, adət-ənənələri və burada aparılan quruculuq işləri barədə ətraflı məlumat verib.

Daha sonra senatorlar və din xadimləri Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbə və buradakı sinaqoqla yaxından tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, Qırmızı qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.

ABŞ-dan gələn nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı da ziyarət edib. Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Məlumat verilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Daha sonra qonaqlar Qubadakı “Ərdəbil” məscidinə gəlib və şəhərin başqa görməli yerləri ilə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.