CƏMİYYƏT
ADA Universitetində “AVO MUN” layihəsinə start verilib
Bakı, 14 iyul, Həsrət Mahmudova, AZƏRTAC
İyulun 14-də ADA Universitetində gənclərin siyasi, sosial, ekoloji biliklərinin hərtərəfli inkişaf etdirilməsi məqsədilə “AVO MUN” layihəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, layihənin açılışı ilə bağlı keçirilən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və BMT İnkişaf Proqramının Azərbaycan Respublikasındakı strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev çıxış edərək ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, könüllülük hərəkatından və bu istiqamətdə görülən tədbirlərdən danışıblar.
Bildirilib ki, layihənin məqsədi gəncləri müxtəlif təlimlərə cəlb etməklə onlarda natiqlik, liderlik, komanda şəklində işləmək qabiliyyətlərini artırmaq, gənclərin fərdi inkişafına təkan vermək, siyasi biliklərini və sosial bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaqdır.
Qeyd edilib ki, “ASAN Könüllüləri” Təşkilatının təşəbbüsü, ADA Universiteti, “ADA MUN Club” və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə reallaşan layihə çərçivəsində iyulun 16-dək iştirakçılar əvvəlcə müxtəlif təlimlərə cəlb olunacaqlar. Simulyasiya ingilis və Azərbaycan dillərində keçiriləcək. BMT-nin simulyasiyası əsasında təşkil olunacaq layihədə 16-25 yaşlı 70-dək gənc iştirak edir. Layihə çərçivəsində “Təhlükəsizlik Şurası” simulyasiyası ingilis, “Baş Şura” simulyasiyası isə Azərbaycan dilində keçiriləcək və 30 ölkə təmsil olunacaq.
Layihədə iştirak üçün gənclərin qeydiyyatı tam ödənişsiz formada aparılıb.