CƏMİYYƏT


ADA Universitetinin və “Təmiz Şəhər” ASC-nin  təşkil etdiyi “Yay düşərgəsi”nə start verilib

Bakı, 11 iyul, AZƏRTAC

ADA Universitetinin və “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi “Yay düşərgəsi”nin açılış mərasimi keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev “Yay məktəbi”nin bu ali təhsil ocağının standartlarına cavab verdiyini vurğulayaraq, yeniyetmələrin düşərgədə faydalı biliklər əldə edəcəyini bildirib.

“Təmiz Şəhər” ASC-nin şöbə müdiri Sabit Zeyniyev yay düşərgələrinin yeniyetmə və gənclər üçün faydasından danışıb. Bildirib ki, gənclər çox vaxt karyeralarını bu cür məktəblərdə müəyyən edirlər. “Təmiz Şəhər”in təşkil etdiyi əvvəlki “Yay məktəbləri”nin iştirakçılarından bir neçəsi sonradan bu qurumda əmək fəaliyyətinə başlayıb.

İyulun 28-dək davam edəcək düşərgəyə 9-14 yaşlı məktəblilər qatılıblar. “Yay məktəbi”nin proqramı akademik və yaradıcı hissələrdən ibarətdir. İştirakçılar ümumi dünyagörüşünü, məntiqi təfəkkürünü inkişaf etdirəcək, yeni dostlar qazanacaqlar. Onlara kommunikasiya, media, foto sənəti, kompüter proqram təminatı kimi sahələr üzrə dərslər keçiləcək.

Bununla yanaşı, məktəblilər tullantılardan alternativ enerjinin alınması, ətraf mühitin qorunması, Bakıda tullantıların idarə olunması ilə bağlı təlimlərdə iştirak edəcəklər. Onlar Balaxanı qəsəbəsindəki tullantıların çeşidlənməsi və yandırılması zavodlarında, Balaxanı Sənaye Parkında iş prosesi ilə tanış olacaqlar. Həmçinin məktəblilər üçün bərk məişət tullantılarından faydalı əşyalar düzəltmək üçün ustad dərsləri təşkil ediləcək, Qala qəsəbəsində yerləşən “Tullantıdan Sənətə” muzeyinə tur təşkil olunacaq. Burada iştirakçılara tullantı materiallarından istifadə edərək müxtəlif əşyaların hazırlanması öyrədiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.