CƏMİYYƏT
“ADDIM” gənclər təşkilatı beynəlxalq layihədə iştirak edir
Bakı, 4 mart, AZƏRTAC
“ADDIM” gənclər təşkilatının nümayəndələri Emin Vəliyev və Xəyalə Şəfiyeva Ukraynanın Lvov şəhərində “The Game Factory” (Oyun Fabriki) adlı beynəlxalq layihədə iştirak edirlər.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, təlim Niderlandın “Richter” təşkilatı və Litvanın Psixologiya və İdarəetmə İnstitutu tərəfindən təşkil olunub.
Layihədə Türkiyə, Moldova, Ukrayna, Latviya, Gürcüstan, Xorvatiya və Niderlanddan 20–dən çox gənc iştirak edir. Layihə Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində həyata keçirilir.
Beş gün davam edən təlimlərin əsas məqsədi gəncləri təlimlərin nəzəriyyəsi və istifadə olunan oyunların praktikası, seminarların planlaşdırması, müxtəlif hədəf qrupları üçün oyunlar uyğunlaşdırmaq təcrübəsi və qeyri-formal təhsilə bir vasitə kimi ənənəvi və xalq oyunlarından istifadənin qaydaları haqqında məlumatlandırmaqdır.
Beynəlxalq layihə gənclər təşkilatları arasında əlaqələrin qurulmasına və inkişafına, ölkələrin mədəniyyətinin, tarixinin tanıdılmasına xidmət edir.
“ADDIM” təşkilatının üzvləri Novruz bayramında süfrələrimizin bəzəyi olan şəkərbura, paxlava, qoğal, bayramın simvolu olan səmənini avropalı gənclərə nümayiş etdiriblər, onlara bu bayram, ümumiyyətlə mədəniyyətimiz barədə məlumat veriblər.
Təşkilatın üzvləri digər ölkələrdən olan gənclərə “ADDIM”ın fəaliyyəti, layihələri haqqında da məlumat verəcək, gələcək əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Layihə martın 7-dək davam edəcək.