İQTİSADİYYAT


AİİB başçısı investisiya layihələrinin maliyyələşdirilməsində özəl kapitalın iştirakının genişləndiriləcəyini vəd edir

A+ A

Bakı, 27 avqust AZƏRTAC

Asiya İnfrastruktur İnvestisiyaları Bankı (AİİB) özəl kapital ilə əməkdaşlıq mexanizmlərini işə salmağa və layihələrin maliyyələşdirilməsində özəl investorların iştirakını genişləndirməyə hazırlaşır.

AZƏRTAC Sinxua agentliyinə istinadla bildirir ki, bu haqda bankın rəhbəri Tszin Litsyun məlumat verib.

Tszin Litsyun əməkdaşlıq üzrə ehtimal edilən tərəfdaşlar sırasında, məsələn, pensiya təminatı və kommersiya sığortası sahəsində uzun müddət özəl kapitalın idarə edilməsi ilə məşğul olanları göstərib. O bildirib ki, çevik və səmərəli praktiki əməkdaşlıq investisiya layihələrinin maliyyələşdirilməsində özəl kapitalın iştirakı üçün əlavə imkanlar təmin etməlidir.

Bankın rəhbəri qeyd edib ki, AİİB yaradıldığı vaxtdan keçən müddətdə çoxtərəfli inkişaf təsisatları ilə əməkdaşlığı tənzimləyib, dörd layihəni, o cümlədən müştərək maliyyələşdirməyə əsaslanan üç layihəni reallaşdırıb.

AİİB-in xarakteri və onun iş prinsipləri dünyanın müxtəlif ölkələrindən olan sahibkarlarla əməkdaşlığın genişləndirilməsini tələb edir. Tszin Litsyunun fikrincə, bu halda AİİB istiqamətləndirici rol oynamalı, yəni mümkün qədər çox kapital toplamalı, maliyyə axınlarını infrastruktura və onunla əlaqədar istehsal sahələrinə yönəltməli, özəl kapital üçün daha geniş bazar yaratmalıdır.

Tszin Litsyun daha sonra bildirib ki, AİİB tərəfindən maliyyələşdirilən layihələr üzrə tədarük planetimizdəki bütün müəssisələr üçün əlyetərlidir.

Qərargahı Pekində yerləşən AİİB keçən ilin axırlarında təsis edilib. Nizamnamə kapitalı 100 milyard ABŞ dollarına bərabər olan bu bankın təsisçi üzvlərindən biri Azərbaycandır. Bank energetika, elektrik enerjisi istehsalı, nəqliyyat, kənd infrastrukturu, ətraf mühitin qorunması və logistika sahələrinə sərmayə qoyulmasına üstünlük verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.