ELM VƏ TƏHSİL
AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub
AMEA rəyasət heyəti mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə akademik Akif Əlizadə Azərbaycan ilə Bolqarıstan arasında müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərinin uzun illərdir mövcud olduğunu vurğulayıb. Bildirib ki, bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Akademik A. Əlizadə AMEA-nın “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasındakı mövqeyindən danışıb. Qeyd edib ki, akademiyanın ölkədə beynəlxalq elmi layihə və proqramları həyata keçirən mərkəz kimi formalaşdırılması da konsepsiyada vacib məsələlərdən biri kimi irəli sürülür.
Görüşdən məmnun qaldığını söyləyən akademik Stefan Vodeniçarov Azərbaycanın inkişaf etdiyini vurğulayıb.
Qonaq qeyd edib ki, BEA-da akademik universitetlərin yaradılması istiqamətində işlər görülür, elmi inkişaf etdirmək məqsədilə beynəlxalq qurumlarla müqavilələr bağlanılır.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev ABŞ-ın Massaçusets Universiteti ilə sıx əlaqələrin qurulduğunu, Geologiya və Geofizika İnstitutu ilə həmin universitet arasında birgə layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Görüşdə əməkdaşlıq çərçivəsində gənc kadrların hazırlanması və növbəti səfərlərin birində tərəflər arasında memorandum imzalanması məsələsi müzakirə olunub.