CƏMİYYƏT
ANAMA-nın mütəxəssisləri Ağcabədidə aşkarlanan top mərmisini zərərsizləşdiriblər
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 14-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatlarına əsasən, Ağcabədi rayonunun Avşar kəndində Qarabağ kanalının kənarına baxış keçiriblər. Aşkar edilmiş 100 millimetrlik yivsiz top mərmisi (3BK-16M) zərərsizləşdirilməsi üçün götürülüb. Agentlik tərəfindən beş yüz kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, yanvarın 1-dən martın 14-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 3 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza və körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Cəmi 1987 partlamamış hərbi sursat, tank əleyhinə 73 mina və piyada əleyhinə 6 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 149 min 277 kvadratmetr ərazi (457 min 817 kvadratmetr əl ilə, 288 min 500 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 289 min 960 kvadratmetr minaaxtaran itlər vasitəsilə) yoxlanılıb.