CƏMİYYƏT
ANAMA-nın mütəxəssisləri Gəncədə aşkarlanan minaatan mərmisini zərərsizləşdiriblər
Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 28-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatına əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda “DOS-84” adlanan yaşayış ərazisinə baxış keçiriblər. Burada aşkar edilmiş 120 millimetrlik “OF-843” minaatan mərmisi götürülüb. Mərmi agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb və orada partladılaraq zərərsizləşdirilib. İki yüz kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, yanvarın 1-dən martın 28-dək agentlik tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 158 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza və körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Cəmi 5002 partlamamış hərbi sursat, tank əleyhinə 73 mina və piyada əleyhinə 8 mina aşkar olunaraq zərərsizləşdirilib.
Ümumilikdə 1 milyon 283 min 380 kvadratmetr ərazi (476 min 269 kvadratmetr əl ilə, 348 min 500 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr SENSYS dərinlik ölçən cihazı və 345 min 611 kvadratmetr minaaxtaran itlərin vasitəsilə) yoxlanılıb.