ELM VƏ TƏHSİL
A.Puşkinin yaradıcılığına həsr olunmuş ikinci beynəlxalq online-olimpiada keçirilib
Bakı, 14 aprel, AZƏRTAC
Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə görkəmli rus şairi A.Puşkinin yaradıcılığına həsr olunmuş ikinci beynəlxalq online-olimpiadanın açılış mərasimi keçirilib. Tədbir Bakı və Moskvada eyni vaxtda başlanıb. Moskvada olimpiadanın təntənəli açılış mərasimi Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodetsin çıxışı ilə başlanıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mərasimə telekörpü vasitəsilə qatılan təhsil naziri Mikayıl Cabbarov olimpiada iştirakçılarına uğurlar arzulayıb, müsabiqənin böyük marağa səbəb olduğunu söyləyib. Azərbaycan-Rusiya mədəni-maarif əlaqələrinin inkişafının dahi Puşkinin yaşayıb-yaratdığı dövrə təsadüf etdiyini söyləyən nazir Azərbaycanın böyük maarifçi mütəfəkkiri Mirzə Fətəli Axundovun bu böyük rus şairinin ölümünə poema həsr etdiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə müvafiq olaraq Rusiya ilə humanitar sahədə əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdıran nazir rus dilinin ölkəmizin mədəni-tarixi irsi ilə sıx bağlı olduğunu bildirib.
Builki olimpiadada 6 nömrəli məktəb-liseyin dördüncü sinif şagirdlərindən 17-si iştirak edib. Şagirdlər İKT-nin geniş imkanlarından və innovativ resurslardan istifadə etməklə A.Puşkinin yaradıcılığına dair sualları cavablandırıblar.
A.Puşkin adına Dövlət Rus Dili İnstitutu “uchi.ru” təhsil platforması ilə birlikdə hər il ibtidai sinif şagirdləri üçün rus dili üzrə irimiqyaslı online-olimpiada keçirir. Aprelin 19-dək davam edəcək olimpiadada Rusiya və xarici ölkələrdən olan 700 min nəfərdən çox I-IV sinif şagirdinin iştirakı gözlənilir. Olimpiadanın sualları A.Puşkin adına Dövlət Rus Dili İnstitutunun metodistləri tərəfindən tərtib olunub. Suallar rus dili üzrə standart tapşırıqlardan fərqli olaraq uşaqlar üçün maraqlı, aydın və interaktiv formatda təqdim edilib.
Olimpiada iştirakçıları fəxri fərman və sertifikatlarla mükafatlandırılacaq.