REGİONLAR
AQRAR SEKTORUN İNKİŞAFI MƏSƏLƏLƏRİNƏ DAİR KONFRANS
Tovuz rayonunda, “Tovuz-Baltiya ltd” aqrar-sənaye şirkətinin binasında yeni texnologiyaların kənd təsərrüfatına tətbiqi məsələlərinə dair elmi-praktik konfrans keçirilmişdir. Tədbirdə Tovuz, Qazax rayonlarının, digər yaxın rayonların fermer təsərrüfatlarının rəhbərləri, Gəncə şəhərinin nümayəndələri iştirak etmişlər.
Kənd təsərrüfatı naziri İrşad Əliyev konfransı açaraq, Prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə ardıcıl və məqsədyönlü şəkildə səmərəli islahatlar aparıldığını xüsusi vurğulamışdır. O bildirmişdir ki, ölkədə mülkiyyətçi fermerlər sinfi formalaşmışdır və bu, iqtisadiyyatın aqrar bölməsinin inkişaf sürətinə müsbət təsir göstərir. Nazir dedi ki, islahatlar çərçivəsində alimlərimiz fermerlərlə sıx əməkdaşlıq edir, elmi metodlar və nailiyyətlər, yeni texnologiyalar geniş tətbiq olunur. Ölkədə fermer təsərrüfatları ilə səmərəli əməkdaşlıq edən aqrar elm mərkəzlərinin geniş şəbəkəsi yaradılmışdır.
Sonra konfransda iştirak edən alim və mütəxəssislər fermerləri maraqlandıran məsələlərə aydınlıq gətirmiş və tövsiyələrini vermişlər. Konfransda bu cür tədbirlərin ölkənin başqa bölgələrində də keçirilməsinin zəruriliyini vurğulamışdır.
Tədbirin iştirakçıları Almaniyada istehsal olunmuş və günəbaxan yığmaq üçün nəzərdə tutulan “Klass” markalı kombaynın son modeli, habelə kartof və üzüm becərilməsinin yeni texnologiyaları ilə tanış olmuşlar.