MƏDƏNİYYƏT
ARİF MİRZƏYEVİN MUSİQİSİ KATOLİK KİLSƏSİNDƏ SƏSLƏNİR
Vatikanın Moskvadakı Rusiya nümayəndəliyində - Roma katolik kafedral kilsəsində orqan musiqisi gecəsi keçirilmişdir. Gecədə Rusiya və Azərbaycan bəstəkarı və orqançısı, Azərbaycan və Rusiya bəstəkarlar ittifaqlarının üzvü, “İ.S.Baxın varisləri” beynəlxalq medalına layiq görülmüş Arif Mirzəyevin solo müəllif proqramı təqdim olunmuşdur. “Xeyirxahlıq sənəti” Fondunun təşkil etdiyi orqan musiqisi konsertində A.Mirzəyevin “İ.S.Baxın xatirəsinə” orqan simfoniyası (beş hissədən ibarət ornamental-muğam, xoral və polifonik variasiyalar) səslənmişdir. Soydaşımızın əsərini orqanda beynəlxalq müsabiqə laureatı Mariya Makarova ifa etmişdir.
Xatırladaq ki, soydaşımız iki monumental orqan əsərinin - Şərqdə ilk solo orqan simfoniyasının (“İ.S.Baxın xatirəsinə”) və dünya musiqisində bənzəri olmayan islam matəm mərsiyəsinin - xor, orqan, orkestr, solistlər üçün bəstələnmiş “Yanvar mərsiyələri”nin müəllifidir. Bəstəkarın əsas yaradıcılıq konsepsiyası dünya mədəniyyətinin fenomenlərini - Şərq və Qərb musiqisini sintezləşdirməkdir. A.Mirzəyev musiqi polistilistikasında yeni istiqamətin - Şərq və Qərb mediativ və dini neorenessans musiqisi polistilistikasının yaradıcısıdır. Onun çoxşaxəli polistilistikasında islam, katolik və protestant dini musiqisinin ahəngdar uyuşması aşkar şəkildə duyulur. Bəstəkar bütün bunları alman və fransız barokkosu, italyan və ingilis intibah musiqisi janrlarında məharətlə təqdim edir. Yaradıcılığının məhz bu xüsusiyyətinə görə Almaniyanın musiqi ictimaiyyəti Arif Mirzəyevi Şərqin Sebastyan Baxı adlandırmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva