CƏMİYYƏT
“ASAN imza” Londonda təqdim ediləcək
Bakı, 3 may, AZƏRTAC
Mayın 10-12-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində nüfuzlu beynəlxalq “SDW 2016” konfrans və sərgisi keçiriləcək.
Bu il 10-cu yubileyini qeyd edəcək tədbirdə rəqəmsal təhlükəsizlik, smart-kart və elektron çiplərin istehsalı, biometrik məlumatlar, rəqəmsal identitet üzrə infrastruktur həllər və s. mövzular ətrafında müzakirələrin aparılması gözlənilir.
Konfransa qatılacaq iştirakçıların coğrafiyası genişdir. Belə ki, tədbirdə ümumilikdə 76 ölkədən 1500-dək nümayəndə iştirak edəcək. İştirakçıların sırasında rəqəmsal identitet, biometrik texnologiyalar və kibertəhlükəsizlik məsələləri ilə məşğul olan aparıcı ekspert və alimlər, qeyd edilən sahələrdə fəaliyyət göstərən iri təchizatçı şirkətlərin nümayəndələri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri, eləcə də müxtəlif ölkələrin dövlət xadimləri yer alacaq.
Konfransda “B.EST Solutions” şirkətinin təsisçisi və rəhbəri xanım Yana Krimpenin məruzə ilə çıxışı nəzərdə tutulub. Xanım Y.Krimpe çıxışını mobil identitetin elektron dövlət idarəetmə modelində rəqəmsal pasport aləti kimi istifadəsi mövzusuna həsr edəcək. Konfrans iştirakçılarına, həmçinin Azərbaycanın mobil identitet və elektron imza texnologiyası olan “ASAN imza” barədə ətraflı məlumat veriləcək.
Konfrans barədə ətraflı məlumatla tədbirin www.sdw2016.com ünvanında yerləşən rəsmi veb-səhifəsində tanış olmaq mümkündür.
Qeyd etmək lazımdır ki, cəlbedici ixrac potensialına malik olan “ASAN imza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir.
“B.EST Solutions” şirkəti - “ASAN imza” mobil imza xidmətinin yaradıcısı və operatorudur. “ASAN imza” istifadəçiləri dövlət və özəl sektorun təqdim etdiyi elektron xidmətlərə yalnız mobil telefon vasitəsilə asanlıqla və istənilən yerdən daxil ola, eləcə də sənədlərə elektron imza ata bilər.