İQTİSADİYYAT
“AZƏRBAYCANIN SOSİAL MÜDAFİƏ FONDU POTENSİALININ MÖHKƏMLƏNDİRİLMƏSİ” LAYİHƏSİNƏ DAİR ƏRİZƏ QƏBULU BAŞA ÇATMIŞDIR
Dekabrın 30-da Sosial Müdafiə Fondunda qiymətləndirici müsabiqə komissiyasının iclası olmuşdur. İclasda BMT İnkişaf Fondunun maliyyələşdirdiyi “Azərbaycanın Sosial Müdafiə Fondu potensialının möhkəmləndirilməsi” layihəsinin gerçəkləşdirilməsinə dair özəl şirkətlərin yekun təklifləri açıqlanmışdır.
Komissiyanın sədri Oqtay İbrahimov qeyd etmişdir ki, 4 beynəlxalq ekspertdən ibarət komissiyanın ünvanına yerli və xarici şirkətlərdən 6 təklif daxil olmuşdur. AZEL, Smart Sistems, İdeal Teknoloci, Sinam İnvest, Enkotek və Kolvir Soft şirkətlərinin layihə təklifləri komissiya tərəfindən müzakirə ediləcəkdir.
O.İbrahimov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, layihə işləri başa çatdıqdan sonra Sosial Müdafiə Fondunun qaydaya salınmış mexanizmləri, müasir avadanlığı, keyfiyyətli proqram təminatı, habelə ixtisaslı kadrları olacaqdır. Layihə iki ilə nəzərdə tutulmuşdur, lakin biz onu çox qısa müddətdə başa çatdırmağa çalışırıq ki, bu da ölkənin bütün sosial sektorunun yenidən qurulmasını tezləşdirəcəkdir.