MƏDƏNİYYƏT
AZƏRBAYCAN KİNO SƏNƏTÇİSİNİN İKİ SƏNƏDLİ FİLMİNİN TƏQDİMATI OLMUŞDUR
Cəmiyyət Xocalı faciəsinin 12-ci ildönümü ilə bağlı rejissorun həmin silsilədən “Qaçqınlar” və “Vətənə qayıtmaq istəyirik” sənədli filmlərinin fevralın 25-də Berlindəki Samaritenkirxenin iclas salonunda təqdimatını keçirmişdir. Təqdimat mərasimində Berlin ictimaiyyətinin nümayəndələri, xarici və yerli jurnalistlər, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, buradakı türk və Azərbaycan cəmiyyətlərinin fəalları, eləcə də bu ölkədə təhsil alan tələbələrimiz iştirak etmişlər.
Hər iki filmdə bəşəriyyət tarixində ən dəhşətli cinayətlərdən biri olan Xocalı faciəsinin törədilməsi, yüzlərlə uşaq, qadın və qocanın erməni qəsbkarları tərəfindən vəhşicəsinə işgəncələrə məruz qalması və qətlə yetirilməsindən bəhs olunur. Müdhiş faciənin qurbanları - təsadüf nəticəsində sağ qalmış insanlar - qadınlar, uşaqlar, erməni girovluğunda əlil olanlar, qaçqın düşərgələrində məşkunlaşanlar beynəlxalq təşkilatlara müraciət edərək, onları erməni qəddarlığı, Xocalı faciəsi barədə məlumatların yayılmasına, cinayətkarların məsuliyyətə cəlb edilmələrinə yardımçı olmağa səsləyirlər.
Filmlərin təqdimatından sonra onların müzakirəsi keçirilmişdir. Müzakirədə iştirak edən filmlərin yaradıcısı, Azərbaycan diplomatları və diasporumuzun nümayəndələri mərasim iştirakçılarının Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, suveren respublikamız haqqında, o cümlədən ölkəmizdəki etnik azlıqlar və dini konfessiyalarla bağlı suallarına ətraflı cavab vermişlər.