ELM VƏ TƏHSİL
“Abituriyent” jurnalının dördüncü nömrəsi nəşr edilib
Bakı, 21 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 4-cü nömrəsini (Azərbaycan və rus dilində) nəşr edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu dərc edilib. Bu nömrədə, həmçinin Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu qaydaları, Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursant qəbulu qaydaları və digər zəruri materiallar təqdim olunub.
Abituriyentlərin nəzərinə çatdırılır ki, 2016-cı ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları “Abituriyent” jurnalının 2017-ci il 2-ci nömrəsində dərc edilmişdir.
Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.