ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunun əməkdaşı Çində beynəlxalq yay məktəbində iştirak edib
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun dünya ədəbiyyatı və komparativistika şöbəsinin əməkdaşı Nərgiz Kərimova Çin Xalq Respublikasının Anxoy Universitetində Çin dili və mədəniyyəti ilə bağlı təşkil edilən yay məktəbində iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, N.Kərimova iki həftə ərzində Pekin, Xefey, Xuanşan, Uxu şəhərlərində Çin dili və ədəbiyyatına həsr olunan elmi seminarlarda Azərbaycan ədəbiyyatı ilə bağlı məruzə edib. İnstitutun əməkdaşı yay məktəbində uğurlu iştirakına görə sertifikata layiq görülüb.
Qeyd edək ki, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Ədəbiyyat İnstitutunda Çin Mərkəzi yaradılıb. Bu mərkəz Ədəbiyyat İnstitutu ilə Konfutsi İnstitutu arasında qarşılıqlı elmi-ədəbi əlaqələrin inkişafı ilə bağlı bu ilin fevralın 4-də imzalanan müqaviləyə əsasən fəaliyyət göstərir. Mərkəzdə Çin dili də tədris olunur.