MƏDƏNİYYƏT
Adı dillər əzbəri olan müdrik insan
Bakı, 5 mart, Z.Mansurova, AZƏRTAC
Bakı milyonçusu, neftxuda, mesenat, xeyriyyəçi Ağa Musa Nağıyevin vəfatından 96 il ötür. Bu münasibətlə Ağa Musa Nağıyev adına Milli dəyərlərin qorunması İctimai Birliyində anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı milyonçusu Ağa Musa Nağıyevin gördüyü işlərdən, xeyirxahlığından, tikdirdiyi binalardan geniş söz açılıb.
Bildirilib ki, o, Nobel qardaşlarından sonra, Bakının iri neft maqnatları arasında ən varlı və mötəbər insan kimi tanınırdı. Yük daşımaqdan böyük firmanın sahibliyinə çatanadək ağır bir həyat yolu keçən Ağa Musa Nağıyev neftin və işgüzarlığının hesabına milyonçu olmuşdu.
Onun tikdirdiyi 98 bina Bakının memarlıq möhürünə çevrilib. Özü isə xeyirxahlığı, ziyalı təfəkkürü ilə zəmanəsinin mesenatları arasında özünəməxsus yer tutub.
Oğlu İsmayılın xatirəsinə həsr olunmuş bina bütün tikdirdiyi binalar içərisində şah əsər sayılır. İndiki İstiqlaliyyət küçəsində yerləşən “İsmailiyyə” binası (1908-1913) öz harmoniyası ilə bir simfonik əsər təəssüratı yaradır.
Vurğulanıb ki, Bakının Nizami küçəsindəki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanındakı, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binaları, Azərbaycan prospektində yerləşən köhnə Mərkəzi Poçtun binası, Səməd Vurğun küçəsində qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və Bakının digər gözəl və əzəmətli binaları Musa Nağıyevin pulu ilə tikilib. O, həmçinin realnı məktəbinin yarımçıq qalmış üçüncü mərtəbəsinin tikinti xərcini ödəyib, xəstəxana tikdirib və Bakıya Şollar suyunun çəkilməsinə xeyli vəsait qoyub.
Amma çox qəribədir ki, xalq arasında onun xəsisliyi barədə çoxlu rəvayətlər yayılıb. Əslində Nağıyev deyildiyi qədər də xəsis deyildi. Bəzən qəpiyə qənaət edirdisə də, böyük kapital qoyuluşunda digər milyonçulardan geri qalmırdı. O, birinci realnı məktəbinin hamiliyini boynuna götürərək hazırlıq sinfinə hər il əlavə olaraq iyirmi beş müsəlman uşağını qəbul etdirib oxudurdu.
Diqqətə çatdırılıb ki, onun əsil-nəcabətini binalarının üzərindəki Ağa Musa Nağıyev firmasına məxsus emblem - “Venzel” (daş kitabə) təsdiqləyir. Bu venzellər öz qeyri-adiliyi və məna etibarilə diqqəti cəlb edir. Kənarlarında saman çələngi, ortasında hambal şələsi və Ağa Musa Nağıyevin adının və soyadının baş hərfləri həkk edilmiş kitabənin önündən laqeyd keçmək olmur. Milyonçu bununla keçmişini unutmadığını bildirirdi. Onun imzası - venzeli xeyriyyəçilik modeli olaraq binaların üzərində indi də qalır.
Musa Nağıyev 1919-cu ilin martında 67 yaşında vəfat edir. Özünün vəsiyyətinə görə onu Kərbəlada, gənc ikən dünyasını dəyişən oğlu İsmayılın yanında dəfn etmək mümkün olmur. İllər keçəndən sonra milyonçunun varisi və adını daşıyan İctimai Birliyin sədri Dilarə Ağamusa onun torpağını Kərbəlaya göndərir və oğlunun da torpağını Bakıya gətirdib, onun məzarı üzərinə səpir.
Dilarə Ağamusa bu fədakar insanın varisi olaraq onun haqqında topladığı faktlar, arxiv materialları əsasında yazdığı “Xalq üçün ömrünü şam kimi əridən …”, “Ömrün səhifələri”, “Zamanın sorağında” və “Nurlu əməllərin işığında” kitablarını yazıb, bir daha babasını tarixin yaddaşına həkk edib.