CƏMİYYƏT


Ədliyyə Akademiyasında hakimliyə namizədlərlə tədris kursuna başlanılıb

Bakı, 30 yanvar, AZƏRTAC

Hakimliyə namizədlərlə şəffaf prosedurlar əsasında, beynəlxalq standartlara uyğun keçirilmiş test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 126 namizəd uzunmüddətli tədris kursuna buraxılıb.

Ədliyyə Akademiyasında bir il müddətində davam edəcək kursun proqramı müasir tədris metodu və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilib. Kurs çərçivəsində insan haqlarının etibarlı qorunması, korrupsiya ilə mübarizə, məhkəmə etikası, qərarların tərtibi, qanunvericiliyin yenilikləri və digər aktual məsələlərə dair mövzular nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunacaq, namizədlərin dünyagörüşünün artırılması məqsədilə mədəni proqramlar təşkil ediləcək. Həmçinin namizədlərin məhkəmələrdə staj keçməsi, onların xarici dövlətlərdə, Avropa Məhkəməsində olmaqla qabaqcıl beynəlxalq təcrübələri öyrənmələri nəzərdə tutulur.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 30-da həmin kursun açılışı olub.

Kursun açılışında namizədlərə uğurlar arzulayan və zəruri tövsiyələrini verən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov məhkəmə sisteminin müasirləşdirilməsi mövzusunda mühazirə ilə çıxış edib. F.Məmmədov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu dövlət inkişafı kursunu, əldə olunmuş nailiyyətləri vurğulayıb, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən irihəcmli işləri və qarşıda duran mühüm tədbirləri qeyd edib.

Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Ramiz Rzayev məhkəmə hakimiyyəti və hakimin statusu mövzusunda mühazirə ilə çıxış edib. R.Rzayev məhkəmə sistemində nəzəri və peşə hazırlığı ilə yanaşı, yüksək mənəvi keyfiyyətlərinə, o cümlədən ədalətliliyinə və qərəzsizliyinə, insanlara qayğılı münasibətinə görə fərqlənən şəxslərin təmsil olunmasının xüsusi vacibliyini bildirib.

Kursun birinci günündə məhkəmə hakimiyyətinin konstitusion əsasları mövzusunda çıxış edən Milli Məclis sədrinin birinci müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Ziyafət Əsgərov aktual elmi-praktiki məsələləri namizədlərin diqqətinə çatdırıb və konstitusiyada təsbit olunmuş insan hüquqlarının daha etibarlı müdafiəsində məhkəmələrin xüsusi rolunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.