CƏMİYYƏT
“Ağ ölümdən gənclərimizi qoruyaq” layihəsinin icrası başa çatıb
Bakı, 26 iyul, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Gənclərin narkomaniyaya qarşı mübarizədə “Ağ ölümdən gənclərimizi qoruyaq” şüarı altında birləşməsi” layihəsinin icrasını Şirvanda başa çatdırıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində TUMİB indiyədək Bakının Suraxanı, habelə Qazax, Tovuz, Biləsuvar və Ağcabədi rayonlarında yüzlərlə gəncin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbirləri keçirib.
Şirvanda keçirilən tədbir “Ağ ölümdən gənclərimizi qoruyaq!” adlı videoçarxın nümayişi ilə başlayıb. Rayon icra hakimiyyətinin əməkdaşı Rafael Nəsirov bu sosial bəlanın milli mənəvi dəyərlərinə bağlı olan Azərbaycan cəmiyyətindən də yan keçmədiyini vurğulayıb. O, məhz bu baxımdan belə layihələrin önəmini qeyd edib.
Layihə barədə məlumat verən TUMİB-in sədri Çingiz Bayramov bildirib ki, əsas məqsəd yeniyetmə və gənclər arasında narkomaniya əleyhinə ölkə miqyasında geniş maarifləndirmə işinin aparılmasına töhfə verməkdir. Maarifləndirici tədbirlərin ardıcıl keçirilməsi yeniyetmə və gənclər arasında pis vərdişlərə qarşı müqaviməti artıracaq, bu istiqamətdə aparılan təbliğat işlərinin güclənməsinə təkan verəcək.
Tədbirdə TUMİB-in mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, birliyin idman mərkəzinin rəhbəri, karate üzrə dünya çempionu Dəyanət Mikayılov, həkim Könül Şəmiyeva və başqaları çıxış edərək narkotik maddələrin insan orqanizmi üçün zərərlərindən danışıblar. Natiqlər gəncləri pis vərdişlərdən uzaq qalmağa və öz enerjilərini müsbət istiqamətə yönəltməyə səsləyiblər.