REGİONLAR
Ağcabədi rayonunun Yeni Qaradolaq kəndi qazlaşdırılıb
Ağcabədi, 21 dekabr, AZƏRTAC
Ağcabədi rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Yeni Qaradolaq kəndi də əlavə olunub. 496 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 29 min metr uzunluqda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, kəndə təbii qazın verilməsi münasibətlə keçirilən tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Çıxış edənlər sakinləri təbrik edib, həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, hazırda Ağcabədi rayonunun Qiyaməddinli, Gələbədin və Qaravəlli kəndlərində qaz xətlərinin çəkilişi davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
Sakinlər əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə “mavi yanacaq” verilib.