REGİONLAR
Ağcabədinin Yuxarı Qiyaməddinli kəndində yeni inşa edilən məktəb binası istifadəyə verilib
Ağcabədi, 15 iyun, AZƏRTAC
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində yeni inşa edilən 640 şagird yerlik tam orta məktəb binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin, təhsil işçilərinin, valideynlərin, kənd sakinlərinin iştirakı ilə açılış mərasimi keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin bаş dirеktоru Əli Məmmədov, Milli Məclisin deputatı Aqil Abbas tədbirdə çıxış edərək, müəllim, şagird və valideynləri təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.
Bildirilib ki, Yuxarı Qiyaməddinli kənd tam orta məktəbinin binası iki korpusdan ibarət olub. Birinci korpus 1973-cü ildə, ikinci korpus 2004-cü ildə inşa edilib. Məktəbdə 621 şagirdin təlim-tərbiyəsi ilə 53 pedaqoji işçi məşğul olur.
İnşaat işləri Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən həyata keçirilib. Məktəbdə tarix, coğrafiya, xarici dil, Azərbaycan dili, ədəbiyyat, biologiya, riyaziyyat, informatika, fizika, kimya, hərbi hazırlıq, əmək təlimi kabinələri, sinif otaqları, laboratoriyalar, kitabxana, akt zalı, bufet və s. otaqlar yaradılıb. Həyətdə geniş abadlıq işləri aparılıb, idman meydançaları inşa edilib. Təhsil ocağı ən müasir inventar və avadanlıqlarla təmin olunub.
Açılış mərasimində çıxış edən müəllim və şagirdlər, eləcə də kənd sakinləri təhsilə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonda mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.