REGİONLAR
Ağdam dindarları Ermənistan ordusunun dinc əhaliyə qarşı təxribatlarını qətiyyətlə pisləyirlər
Ağdam, 7 iyul, AZƏRTAC
Ağdam rayonunun dindarları Ermənistan ordusunun Azərbaycanın cəbhəyanı ərazilərində yaşayan dinc əhaliyə qarşı təxribatlarını, o cümlədən iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslər Sahibə Allahverdiyevanın və nəvəsi 2 yaşlı Zəhra Quliyevanın öldürülməsini pisləyən bəyanat verib.
AZƏRTAC xəbər verir ki, bəyanatda Ermənistan silahlı birləşmələrinin təmas xəttinə yaxın Azərbaycanın yaşayış məntəqələrini daim atəş altında saxladığı, dinc sakinləri öldürdüyü və ya yaraladığı bildirilir: “Ağdam rayonunun sakinləri də 25 ildən artıqdır ki, erməni terrorundan, vəhşiliyindən əziyyət çəkir. 2011-ci ildə 9 yaşlı Fariz Bədəlov həyətlərində oynayarkən erməni snayperinin atəşi nəticəsində həlak olub. 2016-cı ilin aprelində düşmənin rayonun təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutması nəticəsində dinc sakinlərdən iki nəfər həlak olub, üç nəfər yaralanıb. Mülki əhaliyə məxsus yüzlərlə ev, məktəb və təsərrüfat obyektləri ağır artilleriya hücumlarına məruz qalıb, ciddi zərər görüb. Bütün bunlar, eyni zamanda, 1992-ci ildə Xocalıda törədilən amansız qətliamın cəzasız qalmasının nəticəsidir ki, Ermənistan dinc sakinlərə qarşı vəhşilikləri bu gün də davam etdirir.
Biz Ağdam rayonunun dindarları erməni vəhşiliklərini qətiyyətlə pisləyir və bütün beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, İslam dövlətlərini Ermənistanın həyata keçirdiyi bu vandal siyasətə qarşı laqeyd qalmamağa, Ermənistan hakimiyyətinin cəzalandırılması üçün mühüm addımlar atmağa çağırırıq”.