CƏMİYYƏT
Ağdamda partlamış qrad raketinin qalıqları aşkarlanıb
Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri avqustun 9-da bir əkin və bir otlaq sahəsində 6 partlayış yerinə baxış keçiriblər. Nəticədə partlamış hərbi sursatın qalıqları aşkarlanaraq götürülüb və 8500 kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam rayonunun Əfətli kəndində partlamış “9M22U” qrad raketinin, Tərtər rayonunun Şıxarx kəndində isə partlamış hərbi sursatın qalıqları aşkarlanaraq götürülüb.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən avqustun 9-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, şərab zavoduna və çınqıl karxanasına baxış olub. Nəticədə 3470 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 24 mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.