CƏMİYYƏT
Ağdamda qrad raketinin partladıcısı, Füzulidə top mərmisi aşkar olunub
Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri avqustun 29-da bir ev və həyətyanı sahəyə və çay kənarına, iki partlayış yerinə baxış keçiriblər. Gün ərzində yoxlanılan ərazi 12 min kvadratmetr təşkil edib. Ağdam rayonunun Hacıməmmədli kəndində partlamamış “9M22S” bir qrad raketinin partladıcısı (QDT-90), Füzuli rayonunun Şükürbəyli kəndində 122 millimetrlik partlamamış top mərmisi aşkar edilərək götürülüb.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə agentlik tərəfindən aprelin 7-dən avqustun 29-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 643 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, bir tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə, bir şərab zavoduna və bir çınqıl karxanasına baxış olub. Nəticədə 3476 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 31 mina aşkarlanaraq zərərsizləşdirilib.