REGİONLAR
Ağsuda polis veteranları ilə görüş
AZƏRTAC xəbər verir ki, şöbənin həyətində çay süfrəsi arxasında keçirilən görüşdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Bahadur Şükürov hazırda Ağsuda vaxtilə polis orqanlarında çalışmış veteranların sayının 40 nəfər olduğunu diqqətə çatdırıb. Natiq Ulu Öndər Heydər Əliyevin “Veteranlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur” tövsiyəsini xatırladaraq, digər təbəqədən olan veteranlarla yanaşı, işlədikləri müddətdə ölkəmizdə sabitliyin təmin edilməsində və cinayətkarlığa qarşı mübarizədə öz həyatlarını təhlükə altında qoyan polis veteranlarına da göstərilən yüksək dövlət qayğısından danışıb. Vurğulayıb ki, şöbədə veteranlar üçün hər cür şəraiti olan ayrıca otaq da ayrılıb.
Görüşdə qeyd edilib ki, bu gün cəmiyyətimizdə peşəkar polis veteranlarına, onların təcrübələrinə böyük ehtiyac vardır. Bir sıra xarici qüvvələrin pozuculuq fəaliyyətinə, xüsusilə müxtəlif dini cərəyanlar vasitəsilə yeniyetmə və gənclər arasında aparılan fitnəkar əməllərə, narkomaniyaya qarşı mübarizədə onların yardımı əvəzolunmazdır.
Görüşdə çıxış edən rayon polis veteranları ilk təşkilatının sədri Nurulla Nuriyev, rayon veteranlar təşkilatının sədri Camaləddin Zeynalov, polis veteranları Ədalət Abdullayev, Tariyel Əzizov, Kamil Zərbalıyev və başqaları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra veteranların iştirakı ilə rayon polis şöbəsində əməliyyat müşavirəsi keçirilib.