CƏMİYYƏT
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində BMT-nin nümayəndələri ilə görüş keçirilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirilib və davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu əməkdaşlığın səviyyəsinin daha da yüksəldilməsi məqsədilə sentyabrın 29-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT-nin İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB ölkələri üzrə Regional Büronun direktoru Cihan Sultanoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə H.Hüseynova paytaxtda keçirilən Bakı Beynəlxalq Humanitar Forumu barədə söz açıb. Bildirib ki, Forum beynəlxalq əlaqələr üçün ən yaxşı və yaddaqalan məkandır. Foruma maraq və diqqət ildən-ilə artır. Plenar iclaslar Forumun ayrılmaz hissəsidir, orada bir çox sahələr üzrə Nobel mükafatçıları, kulturoloqlar və tanınmış elm, mədəniyyət və siyasət adamları iştirak edirlər.
Sahibkarların sərbəst fəaliyyəti üçün ölkəmizdə hər cür şəraitin yaradılmasını qeyd edən H.Hüseynova deyib: “Bu gün Azərbaycanda qadınların təqribən 50 faizi əmək fəaliyyəti ilə məşğul olur, onlar ölkə iqtisadiyyatının, demək olar, bütün sahələrində çalışırlar. Sahibkarlar arasında qadınların xüsusi çəkisi 20 faizə çatır. Onlar fərdi sahibkarlıq, yüngül sənaye, turizm, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, tikinti, sosial xidmət və digər sahələrdə çalışırlar. Azərbaycanda qadın sahibkarlığına maraq günbəgün artır”.
Komitə sədri Azərbaycan qadınlarının cəmiyyətdə tutduğu yüksək mövqe, müxtəlif sahələrdə qazandıqları uğurları barədə qonaqlara məlumat verib.
Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və keçirilən layihələrdə effektivliliyin artırılması məqsədilə müzakirələr aparılıb.