CƏMİYYƏT
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Zərdab rayonunda vətəndaşlarla görüşəcək
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların görüşünü və qəbulunu davam etdirir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Komitənin sədri Hicran Hüseynova fevralın 10-da Zərdab rayonunun Mədəniyyət Evində ictimaiyyət nümayəndələri ilə görüş keçirəcək.
Ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayon nümayəndələrinə məlumat veriləcək, eyni zamanda erkən nikah halları, sakinlərin məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, uşaqların təhsildən yayınması məsələləri və digər mühüm mövzular müzakirə olunacaq və hər bir vətəndaşın sualları fərdi qaydada cavablarla təmin ediləcək.
Görüşdə əlil uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlər, imkansız ailələrin təminatı, övladlığa verilmə, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalmaq və s. kimi məsələlərlə bağlı müraciət edən vətəndaşlar iştirak edəcəklər.
Görüş zamanı vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılacaq və tədbirlər görüləcək.