REGİONLAR
Akademik Zərifə Əliyevanın xatirəsi xalqımız tərəfindən hər zaman əziz tutulacaq
Beyləqan, 28 aprel, AZƏRTAC
Beyləqan şəhərindəki Gənclər Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətindən bəhs edən “Elegiya” sənədli filmi nümayiş etdirilib.
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı Qadınlar Şurasının sədri Gülbəniz Cəfərova və başqaları çıxış edərək, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın mənalı ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən, tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, yüksək insani keyfiyyətlərindən danışıblar. Bildirilib ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı Zərifə Əliyevanın xatirəsi xalqımız tərəfindən hər zaman əziz tutulacaq.
Tədbirin sonunda məktəblilərin ifasında kompozisiya nümayiş etdirilib.