CƏMİYYƏT
Aksiz markası ilə markalanmayan araqlar və siqaretlər aşkar edilib
Bakı, 30 mart, AZƏRTAC
Aksiz markası ilə markalanmayan araqlar və siqaretlər aşkar edilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə “Mercedes Benz” markalı avtomobildə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan araqların və siqaretlərin olması barədə məlumat daxil olub. Dərhal yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil Ağstafa rayonu ərazisində saxlanılaraq Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin yük yerindən və ön ayaqaltılarının altından Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 111 ədəd 1 litrlik “Nemiroff” markalı araq, aksiz markası ilə markalanmayan 1800 ədəd “Marlboro Gold Edge”, 600 ədəd “Marlboro Gold Touch” və 600 ədəd “Marlboro Filter Plus” markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.