İQTİSADİYYAT
Alabaşlı-Gəncə mənzilində 4,5 kilometr yolun əsaslı təmirinə start verilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Alabaşlı - Gəncə mənzilində 4,5 kilometr yolun əsaslı təmirinə start verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri bir həftə davam edəcək. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çex Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometrlik hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 153 kilometrdən çox dəmir yolu əsaslı təmir olunub.