CƏMİYYƏT
Əlahiddə Çevik Polis Alayının əməkdaşı dünya kubokuna sahib olub
Bakı, 11 may, AZƏRTAC
Belçikada karatenin pençak-silat növü üzrə bu ölkənin açıq birinciliyi və dünya kuboku uğrunda yarış keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əlbəyaxa döyüşçülərimiz bu yarışda yüksək nəticələr əldə ediblər.
Bu yarışlar əvvəlkilərdən iştirakçı dövlətlərin və idmançıların sayının çoxluğuna görə fərqlənib. Millimizin heyətində təmsil olunan Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis serjantı Loğman Mirzəyev ən ağır çəkili idmançılar arasında üç döyüş keçirib. Əvvəlcə Niderland, sonra Fransa idmançısı ilə qarşılaşmalardan qalib kimi ayrılan təmsilçimizin finaldakı rəqibi Böyük Britaniya komandasının üzvü olub. Baş mükafat uğrunda həlledici görüşü də qələbə ilə başa vuran L.Mirzəyev qızıl medala və dünya kubokuna sahib olub.
Dəfələrlə ölkə və Avrasiya çempionu olan, fiziki hazırlığı ilə yanaşı, təhsilini də artıran təmsilçimiz DİN-in Polis Akademiyasının beşinci kurs kursantıdır.