CƏMİYYƏT
Əli Pənahov: din pərdəsi altında təxribatlar törədilməsi gəncləri də hiddətləndirir
Bakı, 28 noyabr, AZƏRTAC
Son illərdə sürətlə inkişaf edən Azərbaycan dünya birliyində özünə layiqli yer tutub. Ölkəmizdəki dini-milli tolerantlıq mühiti çox yerdə nümunə göstərilir. Bununla belə, uğurlarımızı gözü götürməyən məkrli qüvvələr də var və onlar ölkəmizin sürətli inkişafına mane olmaq, qarışıqlıq yaradaraq sabitliyi pozmaq niyyəti ilə müxtəlif üsullara əl atırlar. Bir qrup ekstremistin din pərdəsi altında törətdiyi təxribat da bu qəbildəndir.
Nardaran hadisələri ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Əli Pənahov, həmçinin qeyd edib ki, belə qüvvələr öz çirkin niyyətlərini heç vaxt gerçəkləşdirə bilməyəcəklər. Çünki bu gün Azərbaycanın kifayət qədər vətənpərvər, bilikli, Vətəninə, dövlətinə sadiq, öz dövlətinin və Prezidentinin ətrafında sıx birləşən müasir düşüncəli gəncləri var.
“Mən, eyni zamanda, üzümü təxribatçılara qoşulan, fitnə-fəsada uyan bəzi gənclərə tutaraq demək istəyirəm ki, müqəddəs dinimiz olan İslam zorakılığı, qan axıdılmasını deyil, sülh və qardaşlığı, qarşılıqlı hörməti təşviq edir. Sağlam düşüncəli gənclər ölkəmizdə qarışıqlıq yaratmaq istəyən, polisə və dövlətə qarşı silah işlədən qüvvələrin əməllərini qəti şəkildə pisləyirlər. Əminik ki, bu qanlı hadisəni törədən şəxslər öz layiqli cəzalarını alacaqlar”, - deyə Ə.Pənahov vurğulayıb.