ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinə beşinci ixtisas qrupu üzrə ərizə qəbulu başlanır
Bakı, 4 may, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (XI illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, konfransda bu qurumun sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında (XI illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, imtahan qaydaları, müsabiqə şərtləri və s. barədə ətraflı məlumatlar verib.
Qeyd olunub ki, ərizələrin qəbulu mayın 5-dən 18-dək aparılır.
Komissiya sədri ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə aparılmış ərizə qəbulu ilə bağlı statistik məlumatları, TQDK-nın elektron xidmətlərindən istifadə edənlərin statistikasını, magistratura səviyyəsinə aparılacaq ixtisaslaşma seçimi qaydaları, rayonlarda təşkil olunacaq müvafiq səyyar Sənəd Qəbulu komissiyalarının əhəmiyyətini və digər məlumatları da diqqətə çatdırıb.
Eyni zamanda bildirilib ki, “Abituriyent” jurnalının üçüncü nömrəsi nəşr edilib. Jurnalda 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (IX illik) tələbə qəbulu qaydaları və qəbul elanı dərc olunub.
Sonda suallar cavablandırılıb.