MƏDƏNİYYƏT


“Əli və Nino” filmi Azərbaycan tolerantlığını əks etdirir

Lüksemburq, 18 may, AZƏRTAC

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında Azərbaycanda çəkilən “Əli və Nino” bədii filminin Lüksemburqda “Kinepolis” kinoteatrında təqdimatı keçirilib. Filmin layihə rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin direktoru Mark Vervilgen film haqqında tamaşaçılara ətraflı məlumat verib və ekran əsərinin əhəmiyyətinə toxunublar.

80 il bundan əvvəl yazılan “Əli və Nino” romanı əsasında çəkilmiş film Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin mehriban yanaşı yaşadığını və ölkədəki tolerantlığı əks etdirir. Dövrümüzün ən aktual məsələsi olan multikulturalizm, tolerantlıqla bağlı cəmiyyətlərə və insanlara vacib mesajlar ötürür. Bir çox ölkələrdə nümayiş olunan “Əli və Nino” filmi artıq tamaşaçıların rəğbətin qazanıb.

TEAS-ın Benelüks ofisinin direktoru Mark Vervilgen filmin nümayişi Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yenidən canlandığı, yeni əməkdaşlıqla bağlı danışıqların aparıldığı vaxta təsadüf etdiyini bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə olan səfərindən, onun Avropa institutlarında görüşlərindən söz açıb. Avropa İttifaqının ölkəmizin ən böyük investoru olduğunu xatırladıb.

Avropa İttifaqının iki qitə arasında strateji məkanda yerləşən Azərbaycana ehtiyacı olmasından, Böyük İpək Yolunun əhəmiyyətindən, Cənub Qaz dəhlizinin tikintisindən, onun Avropa enerji təhlükəsizliyinin təminatının şaxələndirilməsinə töhfəsindən danışıb.

Müasir Azərbaycanın müxtəlif xalqların birgə mehriban yaşadığını, tolerantlığın və multikulturalizmin təşviqində, terrorizmə qarşı mübarizədə rolunu vurğulayıb.

Sonra o, “Əli və Nino” filmdə göstərildiyi kimi məhəbbətə, sevgiyə sərhədin olmadığını qeyd edib.

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov bildirib ki, “Əli və Nino” filminin Avropa Parlamentində nümayişindən sonra Avropa Komissiyası da filmin nümayişi ilə maraqlanıb. Filmin iki müxtəlif dinlərə mənsub ölkələrin dostluq münasibətlərini də əks etdirdiyini diqqətə çatdırıb.

“Gələn il Azərbaycan demokratik Respublikasının 100 illiyi qeyd olunacaq. Bu filmdə ölkəmizdə hətta Avropa ölkələri və ABŞ-dan əvvəl qadınlara azadlıq, səsvermə hüququ verildiyi aydın nümayiş olunur. 1918-ci ildə yaranan ilk müstəqil Azərbaycanın hökumətində müxtəlif xalqların nümayəndələri - yəhudilər, ermənilər də təmsil olunub. Bu Azərbaycan xalqının tolerant və dost olduğunu göstərir. Filmin ölkələrin müstəqilliyinin əhəmiyyətinə toxunur. Avropa İttifaqı müstəqil tərəfdaşlarla daha çox inkişaf edər”, - deyə səfir vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.