CƏMİYYƏT
“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi yeni layihənin icrasına start verib
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ilin birinci qrant müsabiqəsinin qaliblərindən olan “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” layihəsinin icrasına başlanılıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri kimi qəbul edilməsi və bu sahədə ictimai maarifləndirmə tədbirləri vasitəsilə onların hüquqlarına hörmət hissi aşılanması və pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək verməkdən ibarətdir.
Layihə çərçivəsində ölkəmizin milli qanunvericilik bazasının insan hüquqlarının təmini baxımından monitorinqi aparılacaq, bir sıra milli qanunvericilik aktlarının BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasına uyğun olaraq təkmilləşdirilməsinə dair təkliflər hazırlanaraq Milli Məclisin müvafiq komitələrinə, eləcə də digər aidiyyəti dövlət orqanlarına təqdim ediləcək. Bundan başqa Bakı və Sumqayıt şəhərində, Abşeron və Ağcabədi rayonlarında da ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.