CƏMİYYƏT
Əlillərin bərpa mərkəzlərində çalışan mütəxəssislər üçün ixtisasartırma kurslarına başlanılıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin bərpa mərkəzlərindəki tibbi personalın bilik və təcrübəsinin artırılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, müvafiq sahədə dünya təcrübəsi ilə tanışlığına şərait yaradılması diqqətdə saxlanılır.
Bu məqsədlə nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi tərəfindən həmin müəssisələrdə çalışan mütəxəssislər üçün ixtisasartırma kurslarına başlanılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, kurslarda iştirakçılara sosial işə dair ilkin və ümumi anlayışlar, əlilliyi olan şəxslərə yanaşmada etik normalar və düzgün rəftar, əlilliyi olan şəxslərin tibbi və sosial reabilitasiyasında beynəlxalq təcrübə barədə məlumatlar verilir. Əlilliyin qiymətləndirilməsi sahəsində qabaqcıl dünya praktikası, müasir yanaşma metodları onların diqqətinə çatdırılır. Həmçinin onlar əlilliyi olan şəxslərin hüquqlarına dair Beynəlxalq Konvensiya, onun əsas prinsipləri barədə ətraflı şəkildə məlumatlandırılır.
Bərpa-müalicə müəssisələrinin mütəxəssisləri üçün ilk dəfə təşkil edilən kursların oktyabr ayı ərzində davam etdirilməsi nəzərdə tutulur.