CƏMİYYƏT


Əlillərin cəmiyyətə inteqrasiya yolları araşdırılır

Bakı, 13 iyun, AZƏRTAC 

Xırdalan şəhərində şəhid Bəxtiyar Yaqub oğlu Cəfərovun adını daşıyan 3 nömrəli məktəb-liseydə “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra edilən “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində növbəti ictimai maarifləndirmə tədbiri keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, müəllim, şagird və valideynlərin, QHT nümayəndələrinin, əlilliyi olan şəxslərin iştirakı ilə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən məktəb-liseyin direktoru Sevinc Məmmədəliyeva tədbirin mahiyyəti və əhəmiyyəti haqqında məlumat verib.

Birliyin sədri, sosial iş üzrə mütəxəssis Ramilə Rasimqızı tədbir iştirakçılarını salamlayaraq onları 15 İyun - Milli Qurtuluş Günü və 18 İyun - İnsan Hüquqları Günü münasibətilə təbrik edib. Sədr rəhbərlik etdiyi layihə barədə ətraflı məlumat verərək bildirib ki, layihənin əsas məqsədi - əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri kimi qəbul edilməsi, onlarla hörmət və ləyaqətlə davranılması, potensiallarının üzə çıxarılması üçün qanunvericiliyin təkmilləşdirilməsi sahəsində təkliflərin irəli sürülməsi və bu sahədə ictimai maarifləndirmə tədbirlərinin təşkili yolu ilə onların hüquqlarına hörmət hissinin aşılanmasına və barələrində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək verməkdən ibarətdir.

Tədbirdə çıxış edən Əlil Təşkilatları İttifaqı İdarə heyətinin sədri, “Hemofiliyalı Xəstələr” İctimai Birliyinin rəhbəri Gülnarə Hüseynova, “Pasiyent Təşkilatları” İttifaqının prezidenti Ayaz Hüseynov və başqaları əlilliyi olan şəxslərin ümumtəhsil məktəblərinə inteqrasiyasının vacibliyi barədə danışaraq bütün təhsil ocaqlarında onlar üçün əlçatanlığın təmin edilməsi ilə bağlı tədbirlər görülməsinə və beləliklə də inklüziv təhsilin inkişafına böyük ehtiyac olduğunu, əlillərin hüquqlarının təbliğində aidiyyəti dövlət qurumlarının, QHT və KİV-lərin təhsil müəssisələri ilə sıx əməkdaşlığı barədə fikir və təkliflərini ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.