CƏMİYYƏT
Əlilliyi olan 110 nəfər ölkəmizin şimal bölgələrində istirahətə göndərilib
Bakı, 29 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin istirahətinin təşkilini davam etdirərək 110 nəfəri istirahətə göndərib. Onlardan 60-ı Xaçmaz, 50-si isə Quba rayonunda yerləşən istirahət mərkəzinə yola salınıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yola salınanlar sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması, onların cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmaları məqsədilə ölkəmizdə mühüm sosial proqramların icra olunmasından və ildən-ilə uğurla davam etdirilməsindən razılıqla bəhs edib və bu sahədə onlara göstərilən yüksək diqqət və qayğıya, eyni zamanda, istirahət üçün şərait yaradıldığına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbir nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” əsasında həyata keçirilir. Proqrama uyğun olaraq, cari il ərzində 1100-dən çox əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz, Quba rayonlarında yerləşən istirahət və sağlamlıq mərkəzlərində istirahətinin təşkili planlaşdırılıb. Onlardan artıq 915 nəfərinin həmin rayonlarda istirahəti təşkil olunub.
Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən müddətdən sonra geri qaytarılması ayrılmış xüsusi nəqliyyat vasitəsilə yerinə yetirilir.