CƏMİYYƏT
Əlilliyi olan 32 nəfər Şəkiyə istirahətə göndərilib
Bakı, 1 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 32 əlil şəxs Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə yola salınıb.
Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əlillərin yola salınması zamanı ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov bildirib ki, “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda əksini tapan tədbirlərdən biri də həmin insanların yaz-yay mövsümündə istirahətinin təşkilidir: “Proqrama əsasən, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1000-dən çox əlil şəxsin istirahətə göndərilməsi nəzərdə tutulub. Onlardan artıq 730 nəfərinin Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin olunub”.
Qeyd olunub ki, cari ilin birinci yarımilində nazirliyin xətti ilə 11 minədək əlil şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib. Həmçinin bu il 70 nəfər əlilliyi olan şəxsin, valideynlərindən biri ilə bərabər sağlamlıq imkanları məhdud 34 uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicə kursu keçmələri təmin olunub.
İstirahətə göndərilən əlillər onların sosial müdafiəsinin gücləndirilməsinə, habelə mənalı istirahətlərinin təşkilinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.