CƏMİYYƏT
Əlilliyi olan şəxslərdən daha 30 nəfəri istirahətə göndərilib
Bakı, 23 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərdən daha 30 nəfərini istirahət və sağlamlıq mərkəzinə göndərib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, istirahətə yola salınan əlilliyi olan şəxslər onların sosial təminatlarının gücləndirilməsi yönündə aparılan işlərdən, habelə tibbi-sosial reabilitasiya tədbirlərindən razılıqla bəhs ediblər. Onlar bu yay günlərində əlilliyi olan şəxslərin təbiətin gözəl guşələrində yerləşən istirahət və sağlamlıq mərkəzlərində istirahət etmələri üçün şərait yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə gücləndirildiyini vurğulayıb. V.Behbudov bildirib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyası ilə təmin edilənlərin 29 faizi, aylıq sosial müavinət ödənilənlərin 40,2 faizi əlilliyi olan şəxslərdir. Əlillərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi də diqqətdə saxlanılır və bu istiqamətdə işlərin davamı olaraq cari ilin 7 ayında nazirliyin xətti ilə 454 əlil şəxsin məşğulluğu, 287 əlil şəxsin isə peşə hazırlığına cəlb olunması təmin edilib. Həmin dövrdə bu təbəqədən olan 4650 nəfərə bərpa-müalicə, 8400 nəfərə protez-ortopedik xidmətlər göstərilib.
“Nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən bu il 1000 nəfərdən çox əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrində istirahətinin təşkili nəzərdə tutulub ki, cari ilin ötən dövründə onlardan artıq 800 nəfərə yaxın şəxs istirahət və sağlamlıq mərkəzlərinə göndərilib”,- deyə şöbə müdiri bildirib.