DÜNYA
Almaniya Hurqada çimərliyinə hücumda iki vətəndaşının öldürüldüyünü təsdiqləyib
Bakı, 15 iyul, AZƏRTAC
Misirin Qırmızı dəniz sahillərində yerləşən Hurqada kurort şəhərindəki çimərliklərin birinə hücum nəticəsində iki almaniyalı qadın öldürülüb.
AZƏRTAC France-Presse informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniyanın Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib.
Xatırladaq ki, iyulun 14-də Misirin Qırmızı dəniz sahillərində yerləşən Hurqada kurort şəhərindəki otellərdən birinin çimərliyinə bıçaqla silahlanmış 28 yaşlı şəxsin hücumu nəticəsində iki xarici turist həlak olub. Hadisənin ilk saatlarında ölənlərin Ukrayna vətəndaşları olduqları bildirilirdi.
İnsident nəticəsində xəsarət alan 4 turist isə xəstəxanaya yerləşdirilib. Onlar Ermənistan, Çexiya və Rusiya vətəndaşlarıdır.
Hücum edən şəxs saxlanılıb. Onun yaxınlıqdakı ictimai çimərliklərin birindən üzərək otelin ərazisinə keçdiyi məlum olub. Hələlik hücumun motivləri bəlli deyil. Əldə edilən məlumatlara görə, cinayətkarın psixi pozğunluqdan əziyyət çəkdiyi ehtimal edilir. Həmçinin terror aktı və məişət zəminində münaqişə versiyaları da nəzərdən keçirilir.