İDMAN


Alrosa Kuboku-2016: Sərbəst və qadın güləşçilərimiz ikinci, “klassiklər” isə üçüncü olublar

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC 

Moskvada güləş üzrə Qitələrarası Kubok - Alrosa Kuboku beynəlxalq turniri keçirilib.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, komanda yarışı xarakterli turnirdə 23 yaşadək idmançılar 6 çəki dərəcəsində mübarizə aparıblar. Yarışda hər üç güləş növü üzrə yığma komandamızın üzvləri iştirak ediblər.

Sərbəst güləş üzrə yarışlarda yığmamız İran və Özbəkistanla “B” yarımqrupunda mübarizə aparıb. Özbəkistan güləşçilərini 5:1 üstələyən yığmamız İran komandası ilə görüşü 3:3 hesablı bərabərliklə tamamlayıb. Qrup lideri kimi finala yüksələn güləşçilərimiz həlledici görüşdə digər qrupun birincisi olan Rusiya yığması ilə qarşılaşıb. Bu görüş də 3:3 hesablı bərabərliklə tamamlanıb. Xalların keyfiyyətinə görə isə qalib Rusiya yığması olub. Güləşçilərimiz turnirin gümüş medallarına yiyələniblər.

Qadın güləşçilərin yarışında cəmi 4 komanda (Azərbaycan, Rusiya, Türkiyə və Özbəkistan) olduğundan mübarizə dairəvi sistem üzrə aparılıb. Güləşçilərimiz ilk görüşdə Rusiya komandasına 2:4 hesabı ilə məğlub olsalar da, Türkiyə və Özbəkistanla görüşdən 5:1 hesablı qələbə ilə ayrılıblar. Dairəvi mübarizə sisteminin ən yaxşı iki komandası kimi Azərbaycan və Rusiya yığmaları finalda yenidən qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatsa da xalların keyfiyyətinə görə 17:9 öndə olan Rusiya yığması qalib olub. Qadın güləşçilərimiz turniri ikinci sırada başa vurublar.

Yunan-Roma güləşi üzrə yarışlarda yığmamız ilk olaraq Belarus komandası ilə qarşılaşıb. Görüşdə 2:4 hesabı ilə uduzan yığmamız digər qrupun ikincisi olan İran yığması ilə qarşılaşıb. Ümumi hesab 3:3 olsa da xalların keyfiyyətinə görə 13:10 hesabı ilə qalib gələn güləşçilərimiz turnirin bürünc mükafatına layiq görülüblər.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.